Bildiyimiz kimi, Əmək Məcəlləsinə əsasən işəgötürən onun iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə fərdi qaydada yazılı əmək müqaviləsi bağlamalıdır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi, ya da xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bununla bağlı işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə göndərmək işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir.
Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə göndərilməsi üçün işəgötürənlərin, ya da onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır. Asan İmza sertifikatının alınması üçün ASAN xidmət mərkəzlərinə, ya da Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Xatırladırıq ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
İşəgötürən üçün əmək müqaviləsinin bağlanması önəmlidirmi
Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-3000 manat arasında, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 20000 manatdan 25000 min manatadək miqdarda cərimə edilir.
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çox sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7000 manatdan 10000 manatadək miqdarda cərimə, ya da 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin maddədə “xeyli sayda” dedikdə, 10 nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.
Əmək müqaviləsi işçinin həyatını və gələcəyini təmin edir
Əmək müqaviləsi ilə çalışan işçi sığortalıdır
Əmək münasibətləri həyatımızın ayrılmaz və ən önəmli parçasından biridir: hər bir işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Belə münasibətlər işçinin həyatını və gələcəyini təmin edir.
Gəlin, əmək müqaviləsinin üstünlüklərini müqavilə ilə və müqaviləsiz çalışan iki işçininin timsalında göstərək. İlk fərq ondan ibarətdir ki, əmək müqaviləsi ilə çalışan işçi əmək stajına uyğun olaraq gələcəkdə pensiya təminat hüququ əldə edəcəkdir. Müqaviləsiz çalışan şəxs isə bu hüquqdan məhrum olur və illərlə çəkdiyi əziyyətin bəhrəsinin müvafiq yaş həddinə çatdıqdan sonra görmür. İkinci fərq odur ki, əmək müqaviləsi ilə çalışan işçi sığortalıdır. Belə ki, əgər iş saatlarında işçinin başına bədbəxt hadisə gələrsə, eləcə də işəgötürənin təqsirli hərəkətləri nəticəsində işçiyə maddi, ya da mənəvi ziyan dəyərsə, işəgötürən qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyır və işçiyə dəymiş zərərin əvəzini tam şəkildə ödəmək işəgötürənin vəzifəsidir. Eyni zamanda işçi vəfat edərsə, onun ailəsinə uyğun qaydada kompensasiya ödənilir. Bunlar hamısı yalnız əmək müqaviləsi bağlandığı zaman mümkündür”.
Əmək müqaviləsi olmadan işləyən işçini işəgötürən istədiyi vaxt işdən uzaqlaşdıra bilər
Əmək müqaviləsi ilə işləyən işçinin məzuniyyət hüququ əmək müqaviləsinə əsasən öz təsbitini yazılı şəkildə adı çəkilən müqavilədə tapır. Bu da gələcəkdə işəgötürən tərəfindən, işçinin məzuniyyət hüququndan məhrum edildiyi, ya da məzuniyyətin verilməsinin gecikdirildiyi hallarda işçinin əmək qanunvericiliyinə müvafiq olaraq kompensasiya tələb etmək hüququnu realizə etməsi anlamına gəlir.
Digər tərəfdən, əmək müqaviləsi ilə işləyən işçinin əmək müqaviləsinə xitam verilməsi əsasları da fərqlənir. Belə ki, müqaviləsiz işləyən işçi ilə işəgötürən istədiyi vaxt münasibətləri ləğv edə bilər. Ancaq müqavilə ilə işləyən işçinin əmək münasibətlərinə xitam verilməsi əsasları yanlız qanunvericiliyə müvafiq qaydada ola bilər. Bütün bunlarla yanaşı, əmək müqaviləsiz işləyən işçiyə işəgötürən tərəfindən başqa neqativ təsirlər göstərilə, onun əmək funskiyasına daxil olmayan işlərə cəlb edilməsi işəgötürən tərəfindən tələb edilə bilər. Eyni zamanda istirahət günlərində, ya da bayram günlərində işçinin əvəzi ödənilmədən işlədilməsi hallarına da rast gəlmək olur ki, bütün bunlar əmək qanunvericiliyinə müvafiq olaraq hüquqaqarşı hərəkətlərdir.