Biznesin idarə edilməsində önəmli məsələlər

Biznesin idarə edilməsində önəmli məsələlər

İdarəetmə nədir və o niyə lazımdır?

Biznesdə əsl uğur heç vaxt təsadüfən gəlmir. Yalnız effektiv idarəetmədən daim istifadə etməklə uzunmüddətli uğura çatmaq olar.

İdarəetmə haqqında tam bir elm var. Aydın olur ki, sən demə ölkəni və avtomobili, raket qurğusunu və bağçada uşaq qrupunu idarəetmədə ümumi qanunlar, qaydalar, prinsiplər vardır. İdarəetmə haqqında elm məhz onları öyrənir.

Bəs biznesdə idarəetmə ilə həyatın başqa sahələrində idarəetmə arasında oxşarlıq nədədəir?

Bizim istənilən hərəkətimiz uyğun məqsədin olduğunu nəzərdə tutur. Hətta əgər biz sadəcə divanda uzanırıqsa, bunu da müəyyən bir məqsədlə edirik:

  1. istirahət etmək,
  2. nəyi isə düşünmək,
  3. kimisə öz davranışımızla təngə gətirmək və b.b.

Belə düşünək ki, sizə sabah səhər başqa şəhərə uçmaq lazımdır. Sizin təyyarəniz səhər saat 9.00-də uçur, aeroporta qədər yol isə 1 saat çəkir. Beləliklə, sizin hədəfiniz — təyyarəyə çatmaqdır. Bu məqsədinizin həyata keçirilməsinə başlamazdan öncə siz öz hərəkətlərinizi planlaşdırırsınız, yəni hər bir hərəkətinizin sırasını və yerinə yetirilmə anını xəyalınızda canlandırırsınız. Bu zaman görün sizdə nə alınır: saat doqquz reysinə çatmaq üçün uçuşdan 1,5 saat əvvəl aeroporta gəlmək lazımdır, yəni 7.30-da. Deməli, evdən 6.30-da çıxmaq gərəkdir. 5.45-də isə qalxmaq lazım gələcək, əşyaları bir gün öncədən yığmaq daha yaxşıdır.

İndi, artıq sizdə iş planı olduqdan sonra onun yerinə yetirilməsinin təşkilinə başlayın. Ailə üzvlərindən kiməsə sizə əşyalarınızı qablaşdırmaqda yardım etməyi xahiş edin. Saatınızı yoxlayın və zəngli saatı 5.45-ə qurun. Siz vaxtında oyanırsınız və hər şeyi plana uyğun edirsiniz. Onu yerinə yetirərkən, özünüzü nəzarətdə saxlayın: saata baxın və izləyin görün “geri qalma”, ya da “planın pozulması” yoxdur ki?! Sizin səyləriniz uğurla nəticələnir — siz təyyarəyə yetişirsiniz.

İdarəetmə elementləri

Biznesdə idarəetmə üçün həmçinin hədəflər, planlaşdırma, təşkilat və nəzarət lazımdır. Həm də bu hələ idarəetmənin “künc daşları”nın hamısı deyil. Firmanı idarə etmək — insanlarla münasibətdə olmaq deməkdir. O insanlarla ki, müxtəlif zövqləri, vərdişləri, maraqları və öz şəxsi məqsədləri ola bilər. Onlarda firmanın uğur qazanmasına maraq oyatmaq lazımdır. Elə etmək lazımdır ki, onlar firmaya bacardıqları qədər çox xeyir gətirsinlər — və bu motivasiya adlanır.

Əgər firmada bir nəfərdən çox insan varsa müvəffəqiyyət bir çox hallarda onların arasında formalaşacaq münasibətlərdən asılı olacaq. Bəs işçilərin sayı onlarla və yüzlərlə olduqda necə? Biznesi idarəetmədə həmişə ünsiyyət problemi mövcuddur.

İnsana gələcəyə baxmaq, perspektivləri nəzərə alaraq öz fəaliyyətini planlaşdırmaq xasdır. İdarəetmədə bu proqnozlaşdırma adlanır.

Menecment

Biznesdə idarəetmə menecment (ingilis sözü management — idarəetmə) adlanır. Biz elə bir az əvvəl onun tərkib hissələrini, ya da fəaliyyət növlərini müəyyən etdik.

Bəs menecment nə deməkdir? Bu qarşıya qoyulmuş hədəflərə çatmaq bacarığıdır. Belə tərif sizə çox sadə görünə bilər. Ancaq onda idarəetmə fəaliyyətinin bütün növləri və məzmunu “gizlənib”.

Birincisi, bacarıq. Uğur qazanmaq üçün işi necə görməyi bilmək və öz biliyini praktikada tətbiq etməyi bacarmaq lazımdır. Menecmentin öz fəndləri və “oyun qaydaları” var və siz bütün bunları öyrənə bilərsiniz.

İkincisi, məqsədə çatmaq. Menecmentdə önəmli olan yalnız var gücü ilə çalışmaq deyil, məhz məqsədə çatmaqdır. Hələ ki, siz arzu olunan nəticəyə nail olmamısınız, hesab edə bilməzsiniz ki, artıq idarəetməni öyrənmisiniz.

Və sonunda, üçüncüsü, qarşıya qoyulmuş hədəflər. Hədəflər düzgün seçilərək qarşıya qoyulmalıdır, əks durumda həm birinci, həm də ikinci anlamsız olacaq.

Bəs firmada bütün bunları kim icra edir?

Menecer

Kiçik firmada bütün qərarları adətən firma sahibi özü qəbul edir. Firmasının işinə nəzarəti də o özü edir. Daha böyük firmalarda bu funksiyaları menecer yerinə yetirir. O firmada tək ola bilər, məsələn kiçik mağazada. Böyük şirkətlərdə menecmentlə məşğul olan insanların sayı çox olur: biri məhsulun istehsalına cavabdehdir, başqası satışı təşkil edir, üçüncü malların reklamıyla məşğul olur, dördüncü işçiləri işə götürür.

Menecer — firmada mərkəzi fiqurdur. Əlbəttə, biznesdə uğur qazanmaq üçün həm malın keyfiyyəti, həm kapital, həm işçilərin peşə səviyyəsi, həm də yaxşı reklam çox önəmlidir. Ancaq əgər firmanın meneceri yaxşı deyilsə, firmanı nə pul xilas edəcək, nə də insanlar — firma hər ikisindən məhrum ola bilər.

Yaxşı menecer olmaq nə deməkdir? Menecerlərin hazırlığı üzrə ən tanınmış bir mütəxəssislə danışıqda bir tanınmış Amerika alimi ondan yaxşı və pis menecer arasında fərqi soruşmuşdu. Mütəxəssisin cavabı çox qısa oldu:

“Hər şey çox sadədir — yaxşı menecer işin icra edilməsini təmin edir”.

One thought on “Biznesin idarə edilməsində önəmli məsələlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir